İnandığın yalanlar barədə

Bayaq kafedə, oturduğum masanın qonşuluğunda ciddi-cəhdlə, yüksək səslə və gərgin şəkildə regiondakı geosiyasi vəziyyəti müzakirə edən iki nəfər yaşlı kişinin söhbətinə qulaq asırdım. Belə başa düşdüm ki, ikisi də bizim universitetdə tarix müəllimidir. Əlqərəz, etdikləri söhbətin mövzusu və səsləndirilən fikirlər məni kafeyə təhkim edib axşamkı müsahibəmi və başqa bir-iki işi təxirə salmaq məcburiyyətində buraxdı. Ona görə yox ki, bu, analoqu olmayan, hədsiz dərəcədə maraqlı və cəlbedici müzakirə idi, əksinə, müzakirənin cansıxıcılığı, bayağılığı və bir az kobud desək, səviyyəsizliyi istənilən başqa dinləyicini bezdirə və ya ümumiyyətlə, heç kimin diqqətini cəlb etməyə bilərdi. Məni də saxlayan məhz bu idi. Müşahidə və analiz üçün çox münasib şərait, yazmaq üçün ideal mövzu ələ düşmüşdü.

Müzakirənin bayağılığı lap əvvəldən diqqətimi çəkmişdi. Odur ki, heç o tərəfə boylanmadan sakitcə dinləməyə başladım. Mənim üçün diqqətəlayiq məqamlardan biri də bu iki nəfərin ölkə daxilində baş verən siyasi proseslərdən xəbərdar olması idi. Etiraf edim ki, oxuduğum universitetin tarix müəllimlərinin hökumətin vətəndaş cəmiyyətinə tutduğu divanı hansısa kafedə yüksək səslə müzakirə etməsi məni əməlli-başlı təəccübləndirmişdi. Əlbəttə, onlar məsələyə heç də insan hüquqları, haqq-ədalət aspektindən yanaşmırdılar, əgər yanaşsaydılar, təkcə təəccüblənməz, ayağa qalxıb onların oturduğu masaya yaxınlaşar və məmnuniyyətlə əllərini sıxardım. Nə etmək olar, belə bir şoku yaşamaq qismətdə yox imiş, odur ki, iki qoca makiavellistin gətirdiyi arqumentləri dinləmək üçün qulaqlarımı şəklədim.

Gətirilən arqumentlər də çeynənmiş və bayağı idi. Ömürlərinin qürub çağında Böyük Turan eşqi ilə alışıb-yanan və yaşadıqları dövlətin bütün dünya tərəfindən təkləndiyinə sidq-ürəkdən inanan müəllimlərə görə dünyanı bir ovuc yəhudi idarə edir və bu yəhudilərin erməni lobbiləri ilə möhkəm əlaqələri var. Çoxsaylı ziddiyyətlərlə dolu absurd fikirlərdən biri də dünyanın iki cəbhəyə bölünməsi və Putin daxil bütün diktatorların xeyir tərəfdə yer alması fikri idi. Bu baxımdan Azərbaycan eksiztensial problemlə üz-üzədir: ya öz suverenliyindən imtina edib daim ölkə daxilində çaxnaşma salan qüvvələrə boyun əyəcək, ya da dirənişini sona qədər davam etdirib öz varlığını qoruyacaq.

Müəllimlərə görə ölkə daxilində çoxsaylı casus şəbəkələri mövcuddur və içində ən təhlükəlisi “vətəndaş cəmiyyəti institutları” adı altında maskalananlardır. Çünki iran casuslarının demək olar ki, hamısı bir-birinə bənzəyir, amma özünü “vətəndaş cəmiyyəti” adlandıran bu şəbəkəni müəyyən etmək və zərərsizləşdirmək olduqca çətindir. Dövlət müstəqilliyi daxildən və xaricdən daim təhdid altındadır, odur ki, sayıqlığı bir an belə olsun itirmək olmaz. Aşkar etdinsə, anında zərərsizləşdirməlisən, yoxsa taun kimi yayılar və dövləti yavaş-yavaş, içindən yeyib yıxar.

Olduqca acınacaqlı vəziyyətdir. Bu iki insan ölkənin ən böyük universitetində tarix müəllimidir, indiyə kimi əllərinin altından minlərlə tələbə keçib və hazırda da keçməkdədir. Daha acınacaqlı məsələ isə onların öz dediklərinə uşaq saflığı ilə inanmaqlarıdır. Axı niyə yalan desinlər? Hansı məqsədlə? Özlərini kimə göstərmək üçün? Nəyə nail olmaq üçün? Şübhəsiz ki, səmimi idilər və bu səmimiyyət qədər təhlükəli çox az şey var.

Uşaqlıqda başıma gəlmiş əhvalatlardan biri yadıma düşdü. Hardasa dörd-beş yaşımız olardı, bəlkə də, daha az, ya da daha çox, dəqiq olan odur ki, hələ məktəbə getmirdik. Qonşuluqda tək yaşayan, bir gözü kor (əslində, həmişə mənə elə gəlib ki, onun hər iki gözü kordur, çünki heç birində göz almacığı yox idi, amma yəqin, həqiqətən də, bir gözü görürmüş) qarı vardı, hamı Ema xala deyirdi. Olduqca qorxunc görünüşə sahib Ema xala həmin məhlədə yaşayan və ipə-sapa yatmayan övladlarını tərbiyə etmək istəyən ata-analar üçün çox uğurlu material idi. Hər ailə Ema xala barədə özünəməxsus hekayə uydurmuşdu və bu hekayə ilə ipə-sapa yatmayan, yeməyini vaxtında yeməyən, toz-torpaqla oynayan, televizora çox baxan, vaxtında yatmayan övladlarını qorxudurdular. Kifayət qədər hiyləgər metod idi! İnsaf naminə deməliyəm ki, bunda Ema xalanın da rolu az deyildi. Tək yaşayan, demək olar ki, heç kimlə ünsiyyət qurmayan, bir gözü kor axsaq qarının həyat tərzi bu hekayələrə çox uyğun gəlir və onları inandırıcı edirdi.

Bizim evdə formalaşmış hekayədə Ema xala adamyeyən idi. Sən demə, o vaxt sözə baxmayan uşaqlarını da məhz özü yeyib və indi də pusquda durub, kim atasının, anasının sözündən çıxırsa, onu oğurlayıb evinə aparır və ətindən sabun bişirir. Bu hekayəyə inanmamaq, Ema xaladan qorxmamaq əldə deyildi, odur ki, onun adı gələn kimi təşviş içində yan-yörəmizə boylanıb özümüzü yığışdırır və verilmiş göstərişə əməl edirdik. Azca nadinclik edən kimi bu hiyləgər metod işə düşürdü və nəticə də verirdi. Elə ki hekayə öz effektivliyini azca itirməyə başlayırdı, o saat ona əlavələr edilirdi. Məsələn, bir dəfə küylük edib çimmək istəməyəndə anam demişdi ki, kor Ema xala kirlənmiş uşaqların tər iyini evindən hiss edir və gecə hamı yatanda həmin iyin izinə düşüb onları oğurlayır, aparıb ətindən sabun bişirir. Qorxumuzdan günaşırı çimirdik, azca tərləyən kimi qaçırdıq yuyunmağa. Məhlədə futbol oynayanda da gün batan kimi evə sarı götürülürdük. Ema xala günəşli havanı sevmir, elə ki, qaş qaralır, torbasını belinə keçirib uşaq ovuna çıxır. Vay o uşağın halına ki, hava qaralandan sonra çöldə qalır! Həmin uşağın aqibəti, heç şübhəsiz, gecə Ema xalanın qazanında bişirilmək olacaqdı.

Bu üsul hardasa iki-üç il öz təsirini qoruya bildi. Zamanla şıltaqlıq edib Ema xala ilə məzələnsək də, hətta bəzən sözə baxmayıb bu mistik qatilin gəlişini görmək istəsək də, həmişə sonda geri çəkilirdik, çünki heç birimiz bişirilib sabuna döndərilmək istəmirdik. Uzun sözün qısası, bu metod müəyyən müddət həqiqətən çox uğurlu oldu və öz missiyasını da lazımınca icra edib davranışlarımızda nizam-intizam yarada bildi. Biz həmin illər ərzində Ema xalanı vur-tut üç-dörd dəfə görmüşdük deyə onun haqqında düz-qoş edilən əfsanələrə inanıb onun obrazını təsəvvürümüzdə yenidən inşa etmişdik. Təsəvvürümüzdəki obraz qaradinməz, cəmiyyətdən tamamilə təcrid olunmuş, bütün bəşəri hiss və duyğulardan məhrum, işi-gücü ancaq gecələr pusquda durmaq, uşaq oğurlayıb sabun bişirmək olan əzazil qarı idi.

Həmin əfsanə reallıqda belə olmadığını gördüyümüz an öz qüvvəsini itirdi və ondan sonra heç bir cəhd bizi bu cəfəngiyyata inandıra bilmədi. Əslində, bu da bir günün içində olmadı, biz müəyyən zaman kəsiyində müxtəlif müşahidələr əsasında yekdil qərara gəldik ki, Ema xala heç də cin-şəyatin deyil, bizim nənəmiz kimi normal insandır. Onun barəsində bizə danışılmış şeylər də həyasızcasına uydurulmuş yalandan başqa bir şey deyil. Babamın qardaşı rəhmətə gedəndə bizə qadağan olunmasına baxmayaraq, anamızın ardınca düşmüş və hüzr yerinə gəlmişdik. Orada gördüyümüz səhnə ikimizi də təəccübləndirmişdi – Ema xala bir neçə qarı ilə söhbət edə-edə əlində yekə çömçə dəmir teştdə nəsə qarışdırırdı. Cəsarətlənib yaxınlaşdıqda isə o “nəsə”nin hansısa uşağın cansız bədəni yox, halva olduğunu gördük. Bundan bir neçə gün keçdikdən sonra məhlədə futbol oynayanda top Ema xalanın həyətinə düşdü. Ema xala barədə beynimizə yeridilən əfsanənin təməlləri çoxdan sarsılsa da, canımızdakı qorxu qalırdı. Qısa çək-çevirdən sonra qərara gəldik ki, topa görə risk etməyə heç dəyməz. Bu topun eynisini sonra almaq olardı, öldürülüb bişirilmək isə kompensasiyası mümkün olmayan vəziyyət idi. Topdan əlimizi üzdüyümüz dəqiqələrdə qəfildən həyətin taxta qapısı aralandı və Ema xala gülümsəyərək topu bizə tərəf atdı. Gözlərimizə inana bilmirdik – Ema xala gülümsəyə də bilirmiş!

Hətta bir az ağlımız kəsəndən sonra öyrəndik ki, sən demə, Ema xala təsəvvür etdiyimiz kimi tamamilə yalqız deyilmiş və övladlarını da yeyib eləməyib. Bir oğlu və bir qızı var. Oğlu Rusiyada işləyir və hər ay anası üçün pul göndərir, qızı isə ailə qurub və Bakıda yaşayır. Əri isə o vaxt Əfqanıstanda gedən döyüşlərdə həlak olub. Tək yaşasa da, zəhmətkeş və qonaqpərvər qarıdır. Gündüzlər çox görünməmə səbəbi də işıqdan qaçması yox, bazarda yumurta satmağa getməsi imiş. İstənilən halda, artıq qoyun yerinə qoyulduğumuzu başa düşmüşdük və heç anam da bir də bu və ya buna bənzər əfsanə uydurmağa cürət etmədi. Bununla belə, sabunbişirən Ema xala hələ də qonşu uşaqların qorxulu yuxusu idi və o, günlərin birində haqqın rəhmətinə qovuşana kimi elə də qaldı. Təzə əfsanə uydurulmayıbsa, mən bilən, məhlədə boş qalmış yerə namizəd başqa kəs yaşamır. Çox güman ki, çarəsiz qalan valideynlər övladlarının gözünü qorxutmaq üçün xoxan, xortdan, cin, ruh kimi klassik və müvəqqəti vasitələrə əl atırlar. Bizimkilərin isə bəxti onda gətirib ki, Ema xalanın yaşadığı dönəmdə böyümüşük, yoxsa çox çətin olardı onlara.

İki ağsaqqal qızğın şəkildə xarici və daxili düşmən qüvvələrdən danışanda ağlıma bu əhvalat gəldi. Ömürlərinin qürub çağında olmasaydılar, ümid edərdim ki, bir gün haçansa onların da gözləri açılar, qoyun yerinə qoyulduqlarını, Ema xalanın da öz işi-gücü olduğunu, bunları ciddiyə almadığını, ümumiyyətlə, bunlar üçün təhlükə yaratmadığını başa düşər, bu əfsanənin əslində niyə uydurulduğunu, hansı məqsədə xidmət etdiyini dərk edərlər. Heyif ki, çox qocadırlar və ölənə kimi də uşaq saflığı ilə inanacaqlar ki, Ema xala pusqudadır və hər an bunları oğurlayıb ətindən sabun bişirə bilər. Qurban olmamaq üçün deyilənləri etməlidirlər, vaxtında yatıb vaxtında durmalı, televizora çox baxmamalı, toz-torpaqla oynamamalı, tez-tez çimməli və bir sözü iki eləməməlidirlər. İşdir şayət, necəsə ağılları başına gəlsə və həqiqəti dərk etsələr, valideynləri bir də belə əfsanə uydurmağa cürət etməyəcək. Təəssüf ki, buna inanmaq çətindir. Nə etməli, bəzi insanlar böyümək istəmirlər. Böyümək onlar üçün bişirilib sabun edilmək deməkdir. Odur ki, ən salamatı elə deyilənləri etməkdir.

ramazan_tagiyevv tarafından yayımlandı

lawyer

Yorum bırakın

WordPress.com ile böyle bir site tasarlayın
Başlayın