Qələbə

Bu qısa hekayədə baş verənlər başdan-ayağa reallıqdır, hətta obrazlar da uydurma yox, real fərdləri təmsil edir. Müəllif isə şahidi olduğu bu hadisəni qələmə almaqla nəinki bu obrazlara, həm də onlara bənzəyən milyonlarla insana dərs vermək istəyir.

Sabah yoxlama aparılacaq, satış barədə rəhbərliyə hesabat veriləcəkdi. Bu isə onun bu gecə də evə getməmək ehtimalını artırırdı. Amma kefi kök idi, gəlib-gedən müştəriləri muştuluqlayır, əvvəldən tanıdığı və yaxın münasibət qurduqları ilə isə çox böyük və əhəmiyyətli bir hadisəni müzakirə edirdi – bu gün Qarabağdakı antiterror əməliyyatları başa çatmış, qondarma rejim süqut etmişdi. Abdullanın sevinci yerə-göyə sığmırdı, otuz ildir davam edən münaqişənin qələbə ilə yekunlaşması, alınmaz qala kimi baxdığı Xankəndinin Azərbaycan ordusunun nəzarətinə keçməsi ona yuxu kimi gəlirdi.

– Kişi qaytardı da bütün torpaqlarımızı, – Xankəndidən gələn görüntülərə baxa-baxa qürurla yanındakılara deyirdi. Həmin gün axşama kimi, gəlib-gedən müştərilərə prezidentin uzaqgörən siyasətindən ağızdolusu danışan Abdulla arabir yaxın tanışlarına inamlı, bir az da təskinlikverici səs tonu ilə “Hər işdə bir xeyir var. Müharibə şəraitində olan ölkə idik, torpaqlarımızın iyirmi faizi də işğal altında. Ay başına dönüm, evdə üç uşağın ağzını bir yerə yığmaq çətindir, qaldı ki o boyda dövlət idarə eləyəsən! Bu otuz ildə nə olubsa, fəda olsun qələbəmizə! Bundan sonra hər şey daha yaxşı olacaq Allahın izni ilə!” deyirdi. Həqiqətən də, çox xoşbəxt idi, bütün ağrılarını, əzab-əziyyətlərini unutmuşdu. O artıq qalib xalqın başı uca nümayəndəsi idi, bununla qürur duyurdu…

Axşam qonşu binada yaşayan, bir müddətdir tanıdığı polis serjantı İntiqam içəri keçəndə sevincək ayağa qalxıb əlini uzatdı:
– Salam ay İntiqam, necəsən qağa? Təbrik edirəm də, Allah bu günləri bizə çox görməsin! İnşallah səni də Xankəndi polis şöbəsində rəis görüm!
İntiqam gülümsəyib ona uzanan əli sıxdı:
– Çox sağ ol, brat, inşallah! Allah ağzından eşitsin, – balaca, qurumaqda olan su quyusunu andıran xırda gözləri ilə ətrafı süzüb əlini cibinə atdı:
– Gör nə deyirəm, – cibindən bank kartını çıxarıb Abdullaya uzatdı, – bu bankomatların qabağında növbədir, mən də tələsirəm. Terminaldan pul çıxara bilərsən mənim üçün?
Abdulla bir ona uzanan karta, bir də ona dikilmiş bir cüt xırda gözə baxıb tez də cavab verdi:
– Qağa, əslində bizə icazə yoxdur bunu eləməyə, amma day sənsən də, dediyini yerə salacam? Nə qədər çıxarmaq lazımdır?
– Üç yüz əlli manat.
Abdulla terminalı götürüb rəqəmi yığdı. Terminala dörd göz dikilmişdi, bir cütü Abdullanın rəqəmləri yığmağa fokuslanmış qara gözləri, bir cütü də İntiqamın kənardan baxanda az qala almacıqsız iki qara deşiyə bənzəyən xırda gözləri.
Əslində, Abdullanın əlində su içmək qədər sadə olan bu primitiv işdə niyəsə çaşıb səhv buraxdı və üç yüz əlli manat yerinə otuz beş qəpik yazdı. Bu səhv İntiqamın da gözlərindən yayınmadı, xırda gözlərini terminaldan çəkib sınayıcı nəzərlərlə Abdullaya baxdı. Abdullanın xəta etdiyini tutdu, amma səsini çıxarmadı, bu xəta ona durduq yerə üç yüz əlli manat qazandıracaqdı. Daxilində qısa sürən çək-çevirdən sonra bunu Abdullaya bildirməməyi qərara aldı, düşündü ki, həm öz səhvidir, buna görə o, məsuliyyət zad daşımır, həm də onsuz sübut etməsi də çox çətin olar, üstəgəl heç ağlına gəlməz. Gözlərini terminaldan çəkib telefonunu çıxardı və guya kimisə yığırmış kimi qulağına aparıb təxminən on saniyə beləcə dayandı, terminaldakı əməliyyatın bitdiyini və üç qırmızı yüzlüklə sarı əlliliyin kassadan çıxarıldığını görəndə telefonu cibinə qoydu, pulu alıb saxta təbəssümlə minnətdarlıq edərək marketi tərk etdi. Bir neçə saniyə sonra İntiqamın telefonuna kartından cəmi otuz beş qəpik çıxdığını göstərən bildiriş gəldi, İntiqam qımışıb marketə sarı çevrildi, əli ilə dubinkasını düzəldib parka sarı istiqamət aldı…

Ertəsi gün müdir üç yüz əlli manat əksiyin olduğunu deyib Abdullanı divara dirəyəndə ağlına birinci İntiqam gəldi. Nəsə yanlışlığa yol verdiyini başa düşüb dilini dişlədi, tez komputeri açıb təhlükəsizlik kamerasının dünən axşam saatlarında qeydə aldığı videogörüntüyə baxdı. İntiqamın qeyri-təbii reaksiyası, mat-məəttəl terminala və Abdullaya baxması, cibindən telefonunu çıxarıb üzünü çevirməsi, pulu alıb tez marketdən çıxması, hamısı tək şeyə işarə edirdi – pulda yaranan əksiklik məhz buradan qaynaqlanır. Abdulla nəsə xəta buraxıb və kartdan ya pul çəkməyib, ya da yanlış rəqəmlər yazaraq cüzi məbləğdə pul çəkib. Dərhal telefonu götürüb İntiqama yığdı, İntiqam zəngi açmayınca whatsappdan səs ataraq vəziyyəti izah etdi. Bir saat sonra İntiqam marketdə idi. Amma ona kimi müdir Abdullanı əməllicə “yağlamışdı”. Pos terminaldan üç yüz əlli manat pulun alver olmadan çıxarılması həm də bundan heç bir vergi tutulmayacağı anlamına gəlirdi. Bu qədər məbləğdən vergi tutulmaması isə öz növbəsində müfəttişliyin dır-dırı və hətta market barədə mümkün sanksiya demək idi.

– Qardaş, gözüm görmür, səhvən otuz beş qəpik yığmışam. Sənə zəhmət, pulu ver, yoxsa müdir başıma oyun açacaq.
İntiqam qaşlarını düyünləyib çiyinlərini çəkdi:
– Necə yəni e pulu ver?! Kartımdan pul çıxılıb mənim, belə pula ehtiyacın varsa, təşkil eləyərik, amma sənin məndə pulun zadın yoxdur.
– İntiqam, qurban olaram, eləmə də belə. Gedib Kapital Bankdan öyrənim? Sənin kartından pul zad çıxmayıb axı. İndi səhv məndə olub da, sənə yaxşılıq eləmək istəmişəm deyə sən də belə cavabını verirsən?
– Ə yox e, sən uje başqa şey danışırsan! Nə yaxşılıq edibsən? Öz pulumu mənə nağd veribsən də, nə böyük şeydir?! – instinktiv olaraq, ya da qəsdən əli ilə kəmərindən sallanan dubinkasını düzəldərək sanki qarşı tərəfə güc strukturu təmsilçisi ilə danışdığını xatırlatdı.
– Qardaşım, özün demədinmi, bankomatların qabağında növbədir? Pos terminaldan pul çıxarmağa icazə yoxdur bizə. Niyə başa düşmürsən? Üstəgəl, mənim pulum da deyil, marketindir.
İntiqam pul məsələsində düz olduğunu sübut edə bilməyəcəyini anlayıb əks-hücuma çıxdı:
– Düz söhbət eləmirsən e, qaqa. Mənə həmişə kassirlər pul çıxarıb veriblər. Yaxşılıq zad deyil bu. İkincisi də, lap tutaq ki, belədir. Amma səhvi sən etmisən, mən neyləyim? Pulu xərcləmişəm, gecdir uje. Üstəgəl, dərinliyinə getsək, mən heç sənə pul zad verməməliyəm.
Abdulla qarşısındakının polis zabiti olduğunu xatırlayıb yalvarmağa başladı:
– İntiqam, üzüm ayağının altına, müdir qovacaq işdən, sən canı ver pulu. Bir poxdur yemişəm, keç səhvimdən, amma o pul qaytarılmalıdır. Öz imkanım zəifdir, balalarımı güclə saxlayıram, adamım da yoxdur. Amma sənin maşallah, sağlığına qismət, yaxşı işin, tanışların, hörmətin var. Mən kimə dil açım, kimdən pul istəyim? Qurban sənə, ver pulu, bağlayaq söhbəti.

İntiqam əlini əlinə vurub şaqqanaq çəkdi:
– Dur s…r ə buradan! Mənim sənə pul zad borcum yoxdur. Davay, işlərim başımdan aşır. – yenə tamamilə lüzumsuz yerə dubinkasını düzəldib arxasına belə baxmadan marketi tərk etdi.

                                *     *     *

İşdən qovulması Abdullanın kefini pozmamışdı. O, birbaşa evə getmək əvəzinə şəhərin mərkəzində qələbəni bayram edən insanlara qoşuldu. Yanındakı insanlarla birlikdə var-gücü ilə, boğazındakı damarlar az qala şişib partlayana kimi müxtəlif qələbə şüarları səsləndirən Abdullanın sevinci yerə-göyə sığmırdı. Otuz ildir davam edən münaqişənin təmiz qələbə ilə yekunlaşması, alınmaz qala kimi baxdığı Xankəndinin Azərbaycan ordusunun nəzarətinə keçməsi ona yuxu kimi gəlirdi. Bu gün heç nə onun kefini poza bilməzdi. O artıq qalib dövlətin qalib vətəndaşı idi!

ramazan_tagiyevv tarafından yayımlandı

lawyer

Yorum bırakın

WordPress.com ile böyle bir site tasarlayın
Başlayın