Ölkə prezidenti cənab İlham Əliyevə açıq məktub

Zati-aliləri, möhtərəm cənab Prezident!

Çox güman ki, bu məktubu heç vaxt oxumayacaqsınız, amma həyatdır, bilmək olmaz, bəlkə, oxudunuz. Müstəsna həyasızlıq nümunəsi sərgiləyərək belə bir məktub yazmağım da əslində bu saf ümidə bağlıdır. Ümidlərlə yaşamaq yaxşı şey deyil, bu duyğu sizə yad olsa da, rəiyyətinizin fağır üzvü olaraq mən bunu çox gözəl bilirəm. Mənimki də lap gəmisi batmış matrosun ucsuz-bucaqsız okeana içində məktub olan butulka atmağına bənzəyir. Eybi yox, onsuz son vaxtlar nəticəsiz qalacağı öncədən gün kimi aydın olan çox şey etmişəm, bu da onlardan biri olsun.

Paxıllıq etməyib bu məktubu sizə təqdim etsələr, bilməyinizi vacib hesab etdiyim bir-iki şeyin sizin nəzərinizə çatması məni çox xoşbəxt edər. Sonrasına isə Allah kərimdir. Əsas odur, necə deyərlər, əllərimi yumuş və bir gənc yazıçı kimi öz borcumu yerinə yetirmiş olaram.

Bayaq vurğuladığım kimi, ümidlərlə yaşamaq heç yaxşı şey deyil. Səhv etmirəmsə, Şekspirin sözüdür, deyir, boş ümidlərdən və gerçəkləşməyəcək arzulardan uzaqlaşmaq insan üçün ən böyük qazancdır. Xüsusən rəiyyətinizin gənc təbəqəsi həyatının məhsuldar və çılğın, heç vaxt geri qayıtmayacaq illərini boş xəyallar quraraq fəda edir. Bəlkə də, inanmayacaqsınız, amma doğru sözümdür, əksəriyyət hətta bütün gələcəyini bu boş, gerçəkləşməyəcək arzulara bağlayıb karyerasını, özünün və ailəsinin xoşbəxtliyini belə qurban verir. Bilmirəm, haradan və necə qaynaqlanır, amma bu ümidlərin kökünə balta çalmağın vaxtıdır. Bunu isə yenə siz bacararsınız.

Hətta yeri gəlmişkən bir məsələni də qeyd edim ki, rəiyyətiniz çox zaman başını itirib özünü vətəndaş hesab edir. Məncə, bu da yaxşı deyil. Hər şeyi öz adı ilə çağırmaq lazımdır. Axı ədalət deyilən şey var. Necə olur, ingilislər də vətəndaş sayılır, biz də?! Bu haqsızlığı nə Allah götürər, nə bəndə! Bəlkə, elə ümidlərlə, boş arzularla yaşamağın da kökü buna gedib çıxır. İstənilən halda, bunu doğru hesab etmirəm. Ağıl öyrətmək kimi çıxmasın qətiyyən, amma bu məsələni bir də düşünsəniz və “vətəndaşlıq” anlayışını birdəfəlik ləğv etsəniz, pis olmaz. Hətta bununla bizə böyük yaxşılıq etmiş olarsınız. Üstəlik, “Başlanğıc” filmində deyildiyi kimi, fikir virus kimidir, yoluxucu və bulaşıcıdır. Ən kiçik və ilk baxışdan zərərsiz görünən bir fikir toxumu belə zamanla boy atıb böyüyə bilər. Bu gün özünü vətəndaş hesab edən rəiyyət sabah Allah eləməmiş, hakimiyyətə də iddia edər, nə bilim, demokratiya zad xəyal edər. Odur ki, uşağı bələkdə zad edərlər…

Deyirlər, ölkədə baş verən bir çox şeydən xəbəriniz yoxdur. Ona görə bəzi məsələləri zati-alilərinin diqqətinə çatdırmağı özümə borc bilirəm. Əvvəla, yüzlərlə günahsız insanın həbsxanalarda çürüməsinə göz yummaq qətiyyən sizə yaraşmır. Bu, həm dövlətçiliyimiz adına böyük ayıb, həm qələbəmizə kölgə, həm də düzünü demək lazımdırsa, əlavə xərcdir. Axı nəyə lazımdır? Sizi inandırım ki, bu boyda həngaməyə heç ehtiyac yoxdur. Ondansa onların hamısını siyahıya alıb, məsələn, Nargin adasında səssizcə güllələmək yaxşı olmazmı? Məncə, bu boyda zırıltıdansa, o daha məqsədəuyğundur. Rəiyyətinizin çox sevdiyi bir söz var, adın çıxınca canın çıxsın. Mən bir vətənpərvər və dövlətçiliyə ürəkdən bağlı bir fərd olaraq bir qrup yolunu azmış, başını təmiz itirmiş ünsürə görə adımızın çıxmasının əleyhinəyəm. Üstəlik, bu həm də olduqca yorucu və ürəkbulandırıcı situasiya yaradır. Problemi kökündən həll etmək lazımdır. Bu, bayaq dediyim ümidlər məsələsi ilə də müəyyən dərəcədə əlaqəlidir.

Qələbəmizə və dövlətçiliyimizə kölgə salan daha bir amil var. Xəbərçilik kimi çıxmasın, deputat təyin etdiyiniz şəxslərdən bir neçəsi (əslində, demək olar ki, hamısı) çox tez-tez mərhum atanızın adından istifadə edərək gündəmə düşmək, reytinq qazanmaq istəyir. Bu müstəsna əxlaqsızlıq əməli də həm rəiyyət arasında qəzəblə qarşılanır, həm də düşmən dəyirmanına su tökür. Belinski demiş, ən acı həqiqət ən şirin yalandan yaxşıdır. Bəlkə də, indi deyəcəklərimi yazmaq özü də üzsüzlük göstəricisidir, amma nə etməli, bunları bir gün kimsə sizə deməli idi.

Açığı, tabeliyinizdə olan və hər gün sizə mədhiyyələr yağdıran şəxslərin səmimi olduğuna da heç inanmıram. Bir az sərt səslənəcək və bunu da gəncliyimə keçin, fikrimcə, onlar üçün hakimiyyətdə sizin, yoxsa başqasının olması elə də xüsusi əhəmiyyət kəsb etmir. Əhməd Cavadın “Səsli qız” poemasını oxumusunuzsa, nə demək istədiyimi anladınız yəqin. O deputatların içində Bəhruz Məhərrəmov bir balaca digərlərindən seçilir. Yadıma gəlir, hətta müharibə vaxtı da sizdən icazəsiz İran hökumətinə barmaq silkələmişdi. Bu hədsizlik və yekəbaşlıq nədən qaynaqlanır, bilmirəm, amma müsbət heç nə vəd etmir. Ümidvaram, hər çıxışında mərhum atanızın adı üzərindən xal yığmağa çalışan, sıradan deputat olduğunu unudub daha yüksək məqamlara iddia edən və arabir cızığından çıxan bu şəxs barəsində də tədbir görəcəksiniz.

Yadıma düşmüşkən onu da qeyd edim ki, mənə qalsa, Milli Məclis də əlavə xərcdən başqa bir şey deyil və yüz iyirmi deputata verilən yüksək əməkhaqqı, ümumiyyətlə, onlara çəkilən xərclər onların dövlətimizə verdiyi faydadan qat-qat, hətta müqayisə belə olunmayacaq qədər artıqdır.

Bu, təkliflər paketi deyil, sadəcə fikrimdəkiləri zati-alilərinin nəzərinə çatdırmaq istədim. Son olaraq isə onu qeyd edim ki, sosial şəbəkələr rəiyyətinizi yoldan çıxaran ən başlıca amildir. Əlinizi bulaşdırmışkən bu sahəni də tam şəkildə nəzarətə götürsəniz, heç də pis olmaz. Bunu mən bir narazı fərd kimi rəiyyətinizin mövqeyindən çıxış edib deyirəm. Yazıqdırlar, dünyaya açılıb boş illüziyalara qapılırlar və nəticədə həm yollarını azırlar, həm də özlərini boş yerə yandırırlar. Cəmi bir dəfə bəxş edilmiş ömrü ləyaqətlə yaşamaq varkən xam xəyallarla özünü aldatmaq nəyə lazımdır?!

Boşboğazlıq edib hər şeydən dəyərli vaxtınızı aldığım üçün üzr istəyirəm. Yazdıqlarımı görməzdən gəlsəniz də olar. Axı nəyi nə vaxt etmək lazım olduğunu ən yaxşı siz bilirsiniz. Böyük səbr nümayiş etdirib bura qədər oxumağınız da böyük şeydir. Amma yenə də həyasızlıq edib ümid bəsləyirəm ki, qeyd etdiyim məsələləri nəzərdən keçirəcəksiniz.

Dərin hörmətlə,
Ramazan Rizvan.

Məktubun nüsxəsi Prezident Administrasiyasının office@pa.gov.az elektron ünvanına göndərilmişdir.

ramazan_tagiyevv tarafından yayımlandı

lawyer

Yorum bırakın

WordPress.com ile böyle bir site tasarlayın
Başlayın