Necə pis insan olmaq olar?

Bədahətən yazılıb və müəllif bu dəfə yaxın dostlardan birinin dediyi kimi, redaktənin təbiiliyi öldürdüyü fikrini rəhbər tutub.

Səmimi olmaq lazımdırsa, təxminən beş il əvvəl haçansa məhz bu başlıqla yazı yazacağım ağlıma belə gəlməzdi. Amma necə deyərlər, artıq iş işdən keçib və mən gecənin bir yarısı yuxuma haram qatıb yazmaqla məşğulam. Məncə, yazmağa səbri çatan hər kəs məhz özündən yazsa, həyat daha maraqlı olar. Bu, bir az çətin işdir, çünki hər şeydən qabaq dürüst olmağı bacarmalısan. Bundan sonrakı cümlələrdə tam dürüst olacağımı iddia etmirəm, amma, həqiqətən də, buna çalışacağam. Bunun özü də böyük şeydir.

Son vaxtlar etməyə öyrəşdiyim kimi, bir az kobud formada desək, başını buraxdığım bir çox şeydən biri də kənardan gələn reaksiyalara əhəmiyyət verməkdir. Bunu, bəlkə də, çox gec öyrəndim, bilmirəm, amma həqiqət dəyişmir. Ola bilsin ki, məhz buna görə özümdə bir az cəsarət tapıb bu mövzuda yazı yazmaq qərarına gəlmişəm. Bu cəsarətin (əgər bu, həqiqətən də, cəsarət tələb edirdisə) ən başlıca tərəfi isə misalı özümdən çəkməyimdir.

“Pis insan” kimə deyilir, ümumiyyətlə, “pis insan” olmağın meyarları nələrdir, bu yarlıq üçün hansı mərhələlərdən keçmək, nələr etmək lazımdır, hətta bir az da geniş götürsək, “pis” nədir və onu kim və necə müəyyən edir, bu barədə saatlarla müzakirə aparmaq, müxtəlif nəticələrə varmaq olar. Amma bu mənim işim deyil, qoy bununla bu işin mütəxəssisləri məşğul olsun. Mənim öz məqsədimdən yayınmaq fikrim yoxdur.

Bayaq dediyim kimi, başını buraxdığım bir çox məsələ mövcuddur və onlardan biri də daim yaxşı insan olmağa cəhd etməkdir. Əvvəla ona görə ki, bu, olduqca mənasızdır və “yaxşı insan olmaq” barədə ətraflı düşünmədən həmin mərhələyə çatmaq üçün çalışmaq yumşaq desək, özünü aldatmaqdan başqa bir şey deyil. Haşiyəyə çıxaraq qeyd edim ki, əslinə qalsa, bizim həyatımız başdan-ayağa özümüzü aldatmaqla keçir. Özümüzü aldatmasaq, yaşaya bilmərik, həyatda bir məna görmərik. Amma bu, tamam ayrı mövzudur və mən həmin illüziyaları mümkün olduğu qədər azaltmağa çalışıram. Kim bilir, bəlkə, elə bunun özü də müəyyən mənada özünü aldatmaqdır. İstənilən halda, mən hazırda belə hesab etmirəm və bunu yazmağım bir neçə il sonra bu yazdıqlarımı gülünc və mənasız hesab etməyimi istisna etmir. Axı biz daim təkamül edən varlıqlarıq.

Uzun sözün qısası, məni bu həngaməni yazmağa təhrik edən hadisə bir ay əvvəl vaqe olub – mən ilk dəfə kimdənsə “sən qarşılaşdığım ən pis insan tipisən” cümləsini eşitdim. Ürək yanğısı ilə deyildiyi üçün həmin fikrin səmimiliyinə şübhə etmirəm və məhz bu səbəbdən düz bir aydır bu barədə düşünürəm. Söhbət ondan getmir ki, mən buna görə pis olmuşdum və ya bunu qəbullana bilmirdim, biləks bu, mənim daxilimdə inqilab yaratmışdı, çünki heç də sıradan ittiham deyildi. Ümumiyyətlə, daxilimdə inqilab yaratmış, məni düz bir ay avara qoymuş və gecənin bu yarısı yuxuma haram qatıb bu yazını yazmağa vadar etmiş cümləni “ittiham” adlandırmaq həm o cümləyə, həm də onu söyləyən kəsə qarşı ədalətsizlikdir.

Mən düşünməyə həmin yoldaşı bu fikri səsləndirməyə vadar edən səbəblərdən başladım. Onları sadalayıb oxucunun zəhləsini tökmək istəmirəm, məqsədim bu mənəvi tənəzzülün kodlarını açmaq, gəldiyim nəticələr üzərində dayanmaqdır. “Mənəvi tənəzzül” çox pis səslənsə də, zənnimcə ən doğru ifadədir və hazırkı vəziyyətimə uyğun ad seçmək yolunda uzunmüddətli axtarışlarımın nəticəsində ortaya çıxıb. Yenə deyirəm, biz daim təkamül edən varlıqlarıq və bu baxımdan hazırkı mənəvi tənəzzülüm nə qədər ki, yekunlaşıb öz yerini yenidən mənəvi dirçəlişə verməyib, əlimə düşən fürsətdən istifadə edərək bunları qələmə alıram.

Mən olduqca emosional insanam və bu emosionallıq elə bir həddədir ki, qeyri-insani davranışlarla arasındakı sərhəd itir və ya ətrafdakılara bunu müəyyən etmək olduqca çətin olur. Bununla belə bayaqkı fikri səsləndirmiş yoldaşdan həmin sərhədi müəyyən etmək üçün dərindən müşahidə aparıb-aparmadığını soruşmadım, çünki aparmadığına əmin idim, odur ki, bunu özüm müəyyən etmək qərarına gəldim.

Bu emosionallıq, necə deyərlər, “çılpaq” qalsaydı, dərd yarıydı. Mənim təbiətimə xas və hələ də müsbət, yoxsa mənfi xüsusiyyət olduğunu müəyyən edə bilmədiyim vecsizlik və inadkarlıq da (hətta Tanrı da insan cildinə bürünüb dil töksə, buna heç bir əhəmiyyət verməyib öz bildiyini etmək) üstünə gələndə çox tragikomik vəziyyət yaranır. Həmin vəziyyət o qədər maraqlı portret ortaya qoyur ki, yaz ki yazasan, hətta bir kitab da çıxarmaq olar bu barədə.

Bu həqiqət yaş əsgi kimi üzümə çırpılandan bəri gecəmi gündüzümə qatıb düşündüyüm başqa bir vacib məsələ də var. Əgər bu, həqiqətən də, psixoloji problem deyilsə və dünyada var olan heç bir güc ona təsir və nəzarət edə bilməzsə, onun dağıdıcılığı hansı həddə qədər qalxa bilər? Son hədd nədir? Həmin an mən nəyi görüb dayana bilərəm? Bax, bunlar olduqca vacib suallardır və cavablarını hələ də tapa bilməmişəm.

Karl Qustav Yunq demişdi ki, hər insanın qaranlıq tərəfi var. Metaforik anlamda Ayın kölgəli tərəfi onun pisliyə meyilli üzüdür, cəmiyyətdə günah hesab olunan arzular, basdırılmış vəhşi istəklər yığınıdır. Bir insanın öz kölgəli tərəfindən qaçması, ondan qurtulmağa çalışması, Yunqa görə mümkün deyil, hətta buna cəhdlər etdikcə o kölgəyə daha çox girə, vəziyyəti daha da pisləşdirə bilər.

Bir az geniş götürsəm və haşiyəyə çıxsam, alman xalqı psixopat və qatil xalq deyildi. Soyqırım və qətliamlarda aktiv və ya passiv iştirak etmiş fərdlərin böyük əksəriyyəti Hitler hakimiyyətə gələnə kimi kifayət qədər normal və sosial şəxsiyyətlərə malik idilər. Bəs onları bu qırğınlarla iştirakçı və tamaşaçı edən qüvvə nə idi? Qorxu? Xeyr, heç şübhəsiz ki, bu deyildi. Xalqın nasistlərin lideri və ya hakimiyyətdə yer alan digərləri tərəfindən cəzalandırılacağından qorxaraq bu qırğınlarda iştirak etməsinə, bu cinayətlərə hədə-qorxu, xüsusi göstəriş ilə qatılmalarına dair heç bir dəlil yoxdur. Hətta siyasi və ictimai fəallar xalqı bu vəhşiliklərin davam etməsinə etiraz etməyə səsləsələr də, xalq buna məhəl qoymurdu. Təbii ki, rejimin etdiklərini açıq şəkildə pisləyən və ya yəhudilərin məhv edilməsinə etiraz edənlər ölüm düşərgələrinə göndərilirdi. İstənilən anti-nasist çıxış və haqq-ədalət çağırışı ölümlə cəzalandırılsa da, heç kim bu soyqırımlara fəal şəkildə töhfə verməyə məcbur deyildi. Qoşulmama imkanının olmasına baxmayaraq, əksəriyyət qətllərdə və işgəncələrdə iştirakdan çəkinmirdi. Mayor Vilhelm Trapp onlara qatılan xalq nümayəndələrinə qadınları, uşaqları və qocaları güllələyəcəklərini, lakin onları öldürmək istəməsələr, iştirak etməmə imkanlarının olduğunu dedikdən sonra belə 500-dən çox sadə alman vətəndaşından yalnız 40 nəfəri silahları yerə atıb geri qayıtmışdı.

“Ordinary people” filmi həmin dövrdən bəhs edən möhtəşəm nümunədir. Filmdə məşhur 101 nömrəli diviziyadan bəhs olunur. Bu diviziyanı digərlərindən fərqləndirən xüsusiyyət üzvlərinin peşəkar döyüşçü yox, xalqın əməkçi təbəqəsindən olan müxtəlif peşə sahibləri, habelə incəsənət adamları olması idi. Hətta bir yerdə bütün diviziyanın silahı yerə qoyub evə qayıtmaq fürsəti olsa da, heç kim buna razı olmur və böyük həvəslə yəhudilərə qarşı qırğınlarda iştirak etməyə davam edir.

Bu film hətta kənardan ən zərərsiz görünən fərdin belə daxilində olduqca dağıdıcı və vəhşi tərəfin gizləndiyi, məqamı yetişdikdə bu tərəfin üzə çıxıb böyük fəlakətlərə yol aça biləcəyi fikrinin ən gözəl örnəyidir. Amma yenə deyirəm, mənim misalım elə özüməm, odur ki, başqalarının yox, məhz öz təbiətimin kölgə tərəfini araşdırıram.

Mən rəssamam, pis-yaxşı rəsmlər çəkirəm, hekayələr və şeirlər yazıram, retro musiqilərə qulaq asıram, bir çoxuna görə olduqca gözəl film zövqüm var, yaxşı yemək bişirirəm, boş vaxtımı mütaliəsiz keçirmirəm və bütün bunlar ümumi götürəndə əksəriyyət üçün olduqca kübar, çox mərhəmətli şəxsiyyətə və geniş ürəyə, həmçinin sonsuz təmkinə işarə edir. Təəssüf ki, bu belə deyil. Bütün bunlar həqiqətən də, adıçəkilən xüsusiyyətlər demək olsaydı, çox güman ki, tarixdə bu qədər qanlı qırğınlar, dəhşətli soyqırımlar olmaz, dünya iki böyük müharibəyə şahidlik etməzdi. Hitler də rəssam olub, Stalin isə şeir yazmağı sevirdi. Siyahını uzatdıqca uzatmaq mümkündür.

Bütün bunları dürüst şəkildə söyləyə bilmək, bayaq dediyim kimi, müəyyən qədər cəsarət və fədakarlıq tələb edir bəlkə də, amma buna görə məndən qorxmağa və çəkinməyə iki səbəbdən ehtiyac yoxdur. Əvvəla, bütün bunlar tək mənə xas deyil, hər kəsin daxilində o kölgədən mövcuddur. İkincisi isə, mən artıq ciddi-ciddi bu barədə düşünməyə başlamışam və bundan mümkün olduğu qədər az insan zərər çəksin deyə gecəmi gündüzümə qatıb həll yolları axtarışındayam.

Bu barədə düşünməyim və yazmağım, təəssüf ki, hələ məni yaxşı insan etmir, amma kiçik bir başlanğıc sayıla bilər. Sonuncu ad günümdə ürəyimdə uşaq saflığı ilə bir arzu tutmuşdum – o arzu “yaxşı insan olmaq” idi. İndi dərk etməyə başlayıram ki, mən yaxşı insan olmağa cəhd etdikcə bundan uzaq düşürəm, odur ki, artıq həqiqətlə barışmışam və etmək istədiyim tək şey var: daha pis insan olmamaq.

ramazan_tagiyevv tarafından yayımlandı

lawyer

Yorum bırakın

WordPress.com ile böyle bir site tasarlayın
Başlayın