Boşalmış top

Hansı müəllifin dediyini unutmuşam, gərək ki, Dostoyevski idi, ya da Balzak (açığı, bunun hazırda nə mənim üçün, nə də bunu oxuyan bəndə üçün bir əhəmiyyəti var), hər kimdirsə, yaxşı deyib – xatirələrin pisi, yaxşısı olmur, onlar həmişə müəyyən müddət keçdikdən sonra eyni işi görür, yəni əzab verir. Hələ o xatirənin səndən başqa heç kim üçün iynənin ucu boyda belə olsun məna kəsb etmədiyini, heç kim üçün anlaşılan olmadığını görəndə bu əzab daha da artır və bir yerdən sonra onlar artıq sənin özünə də mənasız görünməyə başlayır.

Biz rayondakı evimizi satan vaxt məni çox əsəbiləşdirən, üstündən bir xeyli zaman keçəndən sonra isə hər yadıma düşəndə kədərləndirən hadisə baş vermişdi. Evi almaq istəyən müştəri ot-alaq basmış, az qala cəngəlliyə çevrilmiş həyətdə gəzərkən qarşısına çıxan boş topa etinasız formada təpik vurub onu bir kənara, daha dəqiq desəm, əvvəllər hovuz funksiyasını yerinə yetirən xəndəyə atmışdı.

Bunu niyə, hansı məqsədlə etdiyi barədə bir fikrim yoxdur, amma məni qəzəbləndirən şey məqsəd yox, məhz bu aktın özü idi. Həmin boşalmış top onun üçün heç bir məna ifadə etmirdi. Amma o, eşşək olmasaydı, evi niyə satdığımızı, cəmi bir neçə ay əvvəl yaşadığımız və ona da danışdığımız faciəni yadına salar, belə kiçik detallara diqqət edərdi. İfadəmə görə heç kimdən üzr istəmək fikrim yoxdur, çünki hər şeyi adı ilə çağırmaq lazımdır. Amma nə etmək olar, o, xalis eşşək idi, təpiklə uzaqlaşdırdığı nəsnə də onun gözündə sadəcə boşalmış, heç kimə lazım olmayan top idi, vəssalam.

Yenə deyirəm, bəlkə də, problem həqiqətən məndədir, müştəri eşşək zad deyildi, sadəcə mən hadisələrə və əşyalara lazım olduğundan çox məna yükləyirəm. İstənilən halda, o top mənim üçün çox dəyərli idi. Nəinki o topun özü, hətta onun atılıb qaldığı yer də. Həmin top hansısa müştərinin etinasız zərbəsi ilə xəndəyə fırladıldığı gündən vur-tut yeddi-səkkiz ay əvvəl iki qardaşın ən sevimli əşyası idi. Niyə onun atıldığı yer də dəyərli idi? Çünki bizim sonuncu futbol oyunumuzda ən son zərbə (çox heyif ki, həmin zərbəni mənim mi, yoxsa qardaşımın mı vurduğunu unutmuşam) həmin topu ora atmışdı və həqiqətən də, aradan keçən müddət ərzində heç kəs, heç bir canlı, heç bir təbiət hadisəsi o topu atıldığı yerdən bircə santimetr belə olsun tərpətməmişdi. Amma hansısa eşşəyin biri (yenə deyirəm, ifadəmə görə üzr istəmək fikrim yoxdur) dişlərini ağarda-ağarda bu abidəni amansızcasına təpiklədi.

Bir az boşboğazlıq etsəm də, o topun və bu qəbildən olan ortaq əşyaların niyə dəyərli olduğundan da danışmaq istəyirəm. Əvvəla, biz kasıb ailədə dünyaya göz açmışıq. Mənim “kasıb” sözündən heç xoşum gəlmir, amma nə etməli, biz həqiqətən də kasıb idik və mənim də bu acı həqiqətlə barışmaqdan başqa çarəm yox idi. Bu bir az bayağı təsəlli təsiri bağışlasa da, bütün bizdən asılı olmayan səbəblərə baxmayaraq həmişə qürurlu olmuşuq, valideynlərimizin bizim tərbiyəmizdə ən çox diqqət etdikləri məsələ də bu idi.

Çox uzatmayıb sırf top məsələsinə gəldikdə isə, əslində bayaq danışdığım dövr artıq böyüdüyümüz zamanı əhatə edir. Amma lap balaca vaxtlarımızda da qonşu uşaqlarının topu, velosipedi, hər hansı buna bənzər sərvətini görəndə qətiyyən bu sərvətə müvəqqəti şəriklik üçün onlara dil açmırdıq. Yəqin düşündünüz ki, bunun əvəzinə evə gəlib valideynlərimizə üsyan edirdik. Xeyr, heç bunu da etmirdik. İnanmayacaqsınız, amma nə qədər balaca olsaq da, balaca müşavirə keçirib problemi müzakirə edirdik. Hətta biz buna görə üsyan etsək də, bizim hər ikimizə velosiped, top və digər şeylərin alınmasının elə də asanlıqla başa gəlməyəcəyini dərk edirdik. Amma bilirdik ki, atamız həm özünü sındırmamaq, aciz göstərməmək, həm də bizi xoşbəxt etmək üçün lap borc-xərc bahasına olsa da, bunu edəcək. Biz problemin kökünə nəzər yetirməyə çalışır, daha geniş düşünməyə cəhdlər edirdik. Bizi həmişə “niyə?” sualı maraqlandırırdı, amma bu sual əvəzliyini hara gəldi soxmurduq. Məsələn, niyə onlar varlı, biz isə kasıbıq? Niyə atamız nə qədər işləsə də, əziyyət çəksə də, vəziyyətimiz düzəlmir? Onda balaca idik deyə çox dərinə enə bilmirdik, amma zaman da öz işini görməkdə idi. Biz böyüdükcə suallar da təkmilləşdi, öz kəskinliyini artırdı və daha qaneedici cavablar axtarmağa başladı.

Gərgin keçən futbol matçından sonra nəfəsimizi dərmək üçün həyətdəki kötüyə əyləşib (eşitdiyimə görə, bu yaxınlarda o kötüyü də tarixə qovuşdurublar) matçdan daha gərgin keçəcək müşavirəmizə başlayırdıq. Dünən olubmuş kimi yadımdadır, 2018-ci ilin bürkülü iyul axşamında baş tutan həmin müşavirələrin birini “Xırdapay qurultayı” adlandırmışdıq. Əgər bunu oxuyan oxucunun mənimlə necəsə əlaqəsi varsa, çəkinmədən yazsın, mən böyük məmnuniyyətlə qurultayın yekun protokolunun şəklini onunla bölüşərəm. Həmin sənədə “Andlı öhdəlik” adını qoymuşduq və sonunda ikimiz də imzamızla təsdiq etmişdik. Mətni olduğu kimi, ixtisarsız yazıram, ümidvaram, oxucu mətndəki bayağılığı, yarımçıqlığı və pafosu yaşımızın azlığına keçər:


                          Andlı öhdəlik

Niyə hüquqda oxumalıyıq?
– Tək layiqli həyat tərzi üçün deyil, ən əsası mövcud durumu müsbətə doğru dəyişmək üçün (heç olmasa buna cəhd etmək üçün)
Millət uğrunda çalışmaq, millət uğrunda vuruşmaq üçün, məhkəmə, hüquq deyiləndə ağıla güc, qüdrət, pul yox, həqiqi ədalət gəlməsi üçün.
Türk millətçisi ixtisasından asılı olmayaraq hər zaman millətinə xidmət etməlidir.
Hüquqda bu imkanlar geniş olduğu üçün çiyin-çiyinə, axıra qədər!

İmza:                   
Tarix:  2018.07.12 , Xırdapay qurultayı

Bu öhdəliyi uğurla icra etmək yolunda bütün gücümüzü səfərbər etmişdik. Amma görünür, ikimizin də sözümüzə sadiq qalması qismətdə yox imiş, qəzavü-qədər qardaşımı qəbul imtahanlanına dörd-beş ay qalmış bizdən ayırdı. Geriyə isə sadəcə həmin kağız parçası, çoxlu xatirələr, kötük və boşalmış top qaldı. Sonuncu ikisi də artıq yoxdur və bu acı həqiqətlə barışmağım mənim üçün bir xeyli çətindir.

Kiçik bir haşiyəyə çıxaraq qeyd edim ki, boşalmış topu bir növ metafora da adlandırmaq olar. Mənim bu iyirmi iki illik həyatım boyunca boşalmış toplar və onlara təpik atan insafsız müştərilər çox olub. Keçmiş sevgilimə min cür əzab-əziyyət və sevgi ilə aldığım (ikincinin fonunda birinci gözə çarpmayacaq qədər cılız qalırdı) üzük, yazdığım məktublar, içini şeirlərlə, hiss və düşüncələrimi ifadə edən cümlələrlə doldurduğum kitablar, çiçəklər, suvenirlər, hamısı zibillikdədir. Haqqına girməyim, bəlkə, heç zibillikdə də deyil, amma son söhbətlərimizin birində onları zibilliyə atdığını söyləmişdi. Cavab lakonik olsa da, olduqca ağır idi. Bəlkə də, həqiqətən mənə olan qəzəbindən yalan söyləmişdi, ya da elə belə də olmuşdu, istənilən halda, çox kədərli hadisə idi və bu davranışı haqq edib-etmədiyim barədə günlərlə düşünməyimə səbəb olmuşdu. Düzünü demək lazımdırsa, bunun da heç bir əhəmiyyəti yoxdur, artıq olan olub, keçən keçib.

Mənim təbiətimdə çox qəribə mühafizəkarlıq çaları var. Bunu da yaxın aylarda kəşf etsəm də, əslində uşaqlığımdan bəri bu və ya digər şəkildə bir çox məqamda özünü göstərmiş olduğunu xatırlayıram. Məsələn, qardaşımla çox tez-tez dalaşırdıq. Bu dava-dalaş hətta bəzən əndazədən çıxıb çox dağıdıcı ola və ikimiz üçün də qalıcı nəticələr yarada bilirdi. Adətən isə sonu uzunmüddətli küsülülüklə bitirdi və bu “soyuq müharibə” qardaşımın mənim könlümü almaq istiqamətində atdığı addıma qədər davam edirdi. Amma küsülü olduğumuz dönəmdə heç vaxt ona qarşı laqeyd qalmamışam. Bir dəfə həmin dönəmlərin birində məktəbdə ona sataşmışdılar və mən bunu yalnız o evə gəldikdən sonra anama nəql edəndə eşitmiş, cin atına minmişdim. Ertəsi gün, küsülü olsaq da, əlindən tutub onu sataşan uşaqla üzləşdirmiş, qardaşımdan üzr istətmişdim. Oxuyana qəribə gəlməsin, bu əhvalat lap çoxdan olub, mən beşinci sinifdə, qardaşım isə üçüncü sinifdə oxuyanda, üstəlik bu akt mənim hörmətimi onun gözündə bir xeyli artırmış və küsülülüyümüzə son qoymuşdu. Heç vaxt heç kimin ona artıq-əskik söz deməsinə, onun xətrinə dəyməsinə təhəmmül edə bilmirdim, hətta valideynlərimin belə və biz küsülü olsaq da.

Yeri gəlmişkən, o da yazmağı sevirdi, hətta bu sahədə məndən qat-qat yaxşıydı, cümlələri daha axıcı, təsvirləri daha canlı idi. Qəşəng hekayələr yazırdı. Mən çox bəyənirdim, hətta özünə hiss etdirməsəm də, qəlbimin dərinliklərində ona qibtə belə edirdim. Axı necə ola bilərdi, ondan yaşca böyük olsam da, onunla müqayisədə daha çox kitab oxusam da, daha çox filmə baxsam da, bütün nəslin gözü mən hesab olunsam da, o məndən daha yaxşı cümlə qurur, düşüncələrini daha səlis ifadə edir?! Bunun sirrini nə qədər çalışsam da, hələ də çözə bilməmişəm, görünür, bu nəsə fövqəladə istedad olub. Əlqərəz, ikimiz də kitab çıxarmaq istəyirdik və elə hey yazıb-pozurduq. O, hər yazdığı hekayəni birinci mənə oxuyurdu, amma yazıb bitirməmiş oxumağa qoymurdu – əlimə keçməsin deyə hardasa gözdən iraq yerdə gizlədirdi və yalnız bitirəndən sonra çıxarıb mənə oxumaq, mənim fikirlərimi almaq üçün baş-beynimi aparırdı.

Son hekayəsini bitirəndə 2020-ci ilin oktyabrı idi. Ağır pandemiya, müharibə, Qarabağdan gələn xoş xəbərlər və universitetə qəbul sevincimin yaratdığı eyforiya, sənədlərimi universitetə vaxtında göndərmək üçün keçirdiyim təlaş, üstəlik bu soxasoxda Bakıya köçməyimiz – bütün bunlar elə bir mürəkkəb vəziyyət yaratmışdı ki, oturub hekayə dinləyəcək və tənqid edəcək hayda deyildim. Qardaşım isə sanki tamam ayrı aləmdə idi. Elə bil ətrafda baş verənlərin ona zərrə qədər də olsun dəxli yox idi. Bununla belə mənim onu yola verməyimi kifayət qədər anlayışla qarşıladı və hekayəsini arada vaxt edib dinləyəcəyim barədə dilimdən söz aldı.

İş elə gətirdi ki, biz Bakıya köçsək də, o təhsilinə görə rayonda qaldı və oktyabrda onunla son dəfə sağollaşıb ayrıldıq. Onu həyatımda sonuncu dəfə gördüyümü bilsəydim, hər şeydən keçib rayonda qalar, ya da nəyin bahasına olursa-olsun onu da özümlə aparardım. Amma təəssüf ki, mənim belə bir imkanım yox idi…

Uzun sözün qısası, mən onun son hekayəsinin məzmunu ilə tanış ola bilmədim. Son hekayəsi bir yana, ümumiyyətlə hekayələrini yazdığı kitabça da yerli-dibli yoxa çıxmışdı. Evində qaldığı əmim uşaqlarından soruşsam da, ciddi-cəhdlə təsvir etməyə çalışsam da, gördüm deyən olmayınca məndə elə düşüncə yarandı ki, yəqin kiməsə verib, ya da nə qədər absurd səslənsə də, özü ilə o biri dünyaya aparıb. Həqiqət hər nədirsə, yekun eynidir: mən sözümün üstündə dura bilmədim və buna görə indi vicdan əzabı çəkirəm. Kaş ki…

Son dəfə qardaşımın məzarını ziyarət edəndə qəbiristanlıq nəzarətçisi tez-tez qarapaltarlı, hündürboy bir qızın gəlib qəbir üstünə təzə güllər qoyduğunu, saatlarla səssizcə dayanıb yalnız şər qarışanda çıxıb getdiyini deyəndə çox təəccübləndim, həm də yaddaşımı qurcalamağa başladım. Sevgilisi vardısa, məndən niyə gizlətmişdi? Axı məndən heç nə gizlətmirdi. Ya da ola bilsin, sevildiyindən heç özünün də xəbəri olmayıb. Nə xoşbəxt adamdır! Yenə həsəd apardım, bunu gizlətmirəm. Şair nə gözəl deyib:

Kişilər bir olmur, atam balası,
qorxağı var, igidi var.
Amma hər kişinin öləndən sonra
qəbri üstə ağlayası
Bir qara paltarlı gözəl qadına ümidi var…

Həqiqi xoşbəxtlik barədə çox düşünmüşəm, amma gəldiyim ən möhkəm qənaət budur ki, xoşbəxtliyin az və ya çox yaşamaqla yaxından-uzaqdan əlaqəsi yoxdur. Bunun mənə görə ən gözəl nümunəsi qardaşım Rizvandır. Yaşasaydı, sabah 19 yaşını qeyd edirdik. Nə etməli, daha olan olub, keçən keçib. Mən birinci borcumu onun məzarına daş qoymaqla yerinə yetirdim. O vaxt imkanımız olmadığı üçün qoya bilməmişdik və heç olmasa, məzarı tapa bilək deyə bir kərpicin üstünə ad-soyad, doğum-ölüm tarixlərini yazıb şaquli olaraq torpağa sancmışdıq. Yalnız üç il sonra, mən ilk işimdən aldığım ilk maaşıma qardaşlıq vəzifəmi icra etdim və məzar daşı qoydurdum. Bu, hələ işin başlanğıcıdır və ona sağlığında verdiyim sözlər var, nəyin bahasına olursa-olsun onları tutmalıyam. Əgər vaxtsız ölüm məni də yaxalamasa, mütləq tutacağam, buna inandığım qədər çox az şeyə inanıram. Onun məzarı üzərinə yazdırdığım kimi, yalnız qarşıma qoyduğum bütün vəzifələri yerinə yetirdikdən sonra

“Biz qaranlığın olmadığı yerdə görüşəcəyik səninlə…”

ramazan_tagiyevv tarafından yayımlandı

lawyer

Yorum bırakın

WordPress.com ile böyle bir site tasarlayın
Başlayın