Kəramət Böyükçöl: Kefli İsgəndər, yoxsa mahir manipulyator? “Səs” üzərinə

Höte demiş, bütün yazarlar öz yazdıqları əsərlərdə, hətta bəzən özləri istəmədən belə, müəyyən mənada özlərini, öz düşüncələrini, hadisələrə baxışlarını təsvir edirlər. Bu isə bəzilərində tamamilə şüurlu prosesdir. Xüsusən siyasi ədəbiyyatda bu, nəzərəçarpacaq dərəcədə aydın bir reallıqdır. Sən əgər Azərbaycanda siyasətlə maraqlanırsansa, üstəlik geniş oxucu kütləsi olan yazıçısansa, sənin yazdıqların, şübhəsiz ki, söz yığını deyil, ədəbi lokomotivdir. O lokomotiv isə ya şər tərəfə aparır, ya da xeyir tərəfə.

Bir ay əvvəl yazıçı Kəramət Böyükçöl Elmlər Akademiyası yaxınlığında “Səs” romanını satarkən ona yaxınlaşan qara geyimli, şərfini gözünə, papağını qaşına kimi çəkmiş gənci tanımadı, amma “Tələbəsən?” sualına təsdiq aldıqdan sonra gülümsəyib kitablardan birini seçdi, həmin gəncə sarı uzadıb “Al, hədiyyəmdir. Oxuyub tənqid edərsən.” dedi və üzünü çevirib yanındakı ağsaqqalla yarımçıq qalmış söhbətinə davam etdi. Bu kitab barədə sosial şəbəkələrdə çoxsaylı təriflər görmüşdüm, amma bir dənə də olsun, tənqidi mühakimə çıxmamışdı qarşıma. Yox, bir əsər bu qədər mükəmməl ola bilməzdi. Bu ya ədəbi hipnoz, ya da, həqiqətən də, xariquladə fenomen idi. Hansına aid olduğunu dəqiqləşdirmək üçün oxumalı idim.

Kəramət Böyükçölün əvvəlki əsərlərində bu xalqın elə layiq olduğu şəkildə idarə edildiyi fikrini oxucunun şüuruna yeritməsini çox eşitmişdim. Yaxşı analiz bacarığına malik Facebook istifadəçisi kitabı yox, elə müəllifin Facebook statuslarını oxuyub da müəyyən qədər bu qənaətə gələ bilərdi. Amma dediyim kimi, ədəbiyyat fərqli və ciddi məsələdir. Hökumətlər Facebook statuslarından daha çox ədəbiyyatdan çəkinirlər. Ədəbi əsərdə əksini tapmış ideya şüurlarda kök salıb zamanla cücərə, böyüyüb boy ata və proseslərə yön verə bilər. Odur ki, hökumətlər həmişə ədəbiyyat sahəsini ciddi nəzarətdə saxlayır. Əksərən bu sahəni propaqanda alətinə çevirir, nəzarətdən çıxan “təhlükə”ni isə beşiyindəcə boğmağa cəhd edir.

Mövzudan uzaqlaşmadan qayıdaq “Səs” romanına. Bədii təsvir və ifadə vasitələri ilə topla rəqs edən və driblinqlərlə azarkeşləri coşduran braziliyalı futbolçu kimi davranmış yazıçının istedadını danmaq üçün qərəzli olmaq lazımdır. Odur ki, romanın forması barədə yalnız xoş sözlər söyləmək olar. Amma formanın mükəmməlliyi oyunun birinci və ən vacib hissəsidir. Mükəmməl forma oxucunu yormur, onu həqiqətən də keyfiyyətli ədəbi nümunə oxuduğuna inandırır və kitabın vərəqlərinə təhkim edir.

Məzmun barədə qərəzli mühakimə yürütməmək üçün kitabı oxuduqca bəzi cümlələrin altını qələmlə xətləyirdim. Bəziləri tərəfindən mizoginist, hətta ifrat formada “arvaddöyən” olduğu üçün, bəziləri tərəfindən isə hökumətə sərf edən manipulyativ fikirlərinə görə tənqid olunan Kəramət Böyükçölün “Səs” romanı seçkilərlə bağlı yazılmış ilk irihəcmli nəsr əsəri, öz sözləri ilə desək, onun namizəd olduğu dönəm başına gələn tragikomik hadisələrdən bəhs edən və həyat gerçəklərinə tam sadiq ədəbi nümunədir.

Romanın müəllifi əsərə onu bu “oyun”a salan xatirələrlə, uşaqlıq illəri, atasının namizədlik əhvalatları və ölkədəki siyasi vəziyyətlə bağlı düşüncələri ilə başlayır. Çox güman ki, bu kitabın öz dilinə mükəmməl tərcüməsini oxuyan və Azərbaycan adlı ölkədəki proseslərdən bixəbər skandinaviyalı oxucunun bu hissəni oxuduqdan sonra gəldiyi qənaət aşağı-yuxarı bu cümlələrlə səsləşərdi:

“İmişli camaatı əsasən prokuror sevən camaatdır. Saz nədir, şeir nədir, bunların hamısı onların nəzərində çoban-çoluq işidir… Əgər bir nəfər prokuror ola, o da cəmi bir il işləyə və töhmətlə işdən çıxarıla və ona müqabil bir şair ola, 70 il yaşaya, 70 ölkədə 70 kitabı çıxa, Azərbaycanı bütün dünyada tanıda, yenə bu camaatın gözündə o prokurorun şərafəti şairin şərafətindən 70 dəfə böyükdür.”

Müəllifin yaratdığı obrazlar Stokholm sindromundan əziyyət çəkən, əqidəsini satmış şəxslərin şəkilləri qabağında təzim edən, silib üç dəfə öpən sadə camaatdır. Bütün dəyərlərdən pul və vəzifə qarşılığında imtina etməyə hazır olan bu insanlar üçün saxta yollarla seçilmiş deputatın hörməti öz səslərinin dəyərindən qat-qat artıqdır. Azərbaycan reallığını gözqamaşdırıcı ifadələrlə təsvir etdiyini düşünən müəllifə görə hökumət onun atasının da çox inandığı barmağı insanların beyninə, şüuruna, içinə, ruhuna elə əkib ki, camaat o barmaq olmadan yaşaya bilmir.

“Bir gün o barmaq olmasa da, xalqın içində elə bitib ki, özünə mütləq bir barmaq axtaracaq.”

Romanın bir neçə yerində hökumət elə bu barmaqla xatırlanır. “Bu mistik barmaq xalqın içində elə bitib ki, onu kəsib atmaq müşkül məsələdir.” deyən müəllifin yaratdığı, seçkilər dönəmində saxtakarlıq edərkən görməyə öyrəşdiyimiz müəllim, direktor, molla personajlarından əlavə sadə, avam xalqdan da müxtəlif obrazlara rast gəlmək olar. Amma bu avam insanları birləşdirən cəhətlər var: onlar onların içindən çıxmış sadə, səmimi namizədi barmağın seçdiyi, onlara bir ovuc qaragüruh kimi baxan, səsini heçə sayan əqidəsiz deputata dəyişməyə hazırdır, özü də bir qarın çörək müqabilində.

“Yuxarıdan bizə deməsələr, heç kəsi seçə bilmərik. Hökumətsiz heç kimə səs vermək hüququmuz yoxdur. Get özünü tapşırtdır, gəl otur bax belə mənim boynumda!”

Bəzi yerlərdə öz dili ilə də düşüncələrini dilə gətirmiş müəllifə görə siyasi sistem vətəndaşın fərdi məsuliyyətinin üzərində dayanıb. Onları kölə vəziyyətinə salan da heç kim yox, elə öz günahlarıdır. Bu ifadələr mənə tanış idi. Çox yox, cəmi bir neçə ay əvvəl Baş Polis İdarəsində şöbə rəisi mənimlə “profilaktik” söhbət əsnasında bu fikirlərin oxşarını səsləndirmişdi. Öz yazdığım hekayələrdəki şər təmsilçilərinin dilindən qələmə aldığım fikirləri də burada birbaşa müəllifin öz düşüncəsi kimi oxumaq dejavü idi.

Romanda cəmi iki-üç yerdə “prezident” sözü keçir. Birincidə o, əslində sistemi sağaltmaq istəyən, səhvlərdən nəticə çıxarmış və islahatçı şəxs kimi anılır. Parlamenti gəncləşdirməkdə məqsədi bu insanlara əslində azadlığa layiq olmadığını göstərmək olan mərhəmətli və uzaqgörən Barmaq uğurlu strateqdir. O, kənarda durub, özü-özünü məhv edən isə elə avam camaatın özüdür. Adamların içindən səsin alındığını ürək yanğısı ilə yazan müəllif səbəbkarı mücərrəd ifadələrin arxasında gizlədir, oxları isə yenə xalqa yönəldir. Çox güman ki, manipulyasiyanın yarımçıq olduğunu düşünən müəllif yorulmadan təkrarlayır:

“Ölkəmizin gələcəyi bizdən, hər kəsin fərdi məsuliyyətindən asılıdır!”

Sadə camaat isə elə hey saxtakara itaət edir, əzilmiş, aldadılmış, təhqir olunmuş müəllifdən isə üz çevirir. Sonlara yaxın bir yerdə müəllif xalqın xüsusiyyətlərinin kodlarını açmaq məcburiyyətində qalır. Sən demə, xalq sadəliyə, kasıblığa şübhə ilə yanaşır. Müəllif isə öz sadəliyi, köhnə, qırıq-sökük maşını ilə insanlara demək istəyirmiş ki, baxın, sizlərə oxşayıram. Xalq isə müəllifə ciddi baxa bilmir, ondan xoşu gəlmir və uzaqlaşıb tək qoyur. Kəramət Böyükçöl, çox güman, siyasi sistemin insanları məsuliyyətsiz davranışlara təhrik etdiyini dərk etməyəcək qədər dayaz deyil. O həmçinin çox gözəl başa düşür ki, cəmiyyət öz təməl ehtiyaclarını ödəyə bilmək üçün siyasi sistemin təklif etdiyi qaydalara və qaydasızlıqlara uyğunlaşmağa məcburdur. Əxlaq qaydalarına uyğun yaşamaq isə hər cür məhrumiyyətlərlə razılaşmaq anlamına gəlir. Bunları müəllif gözəl bilir, odur ki, bunu israrla görməzdən gəlməsi, səbəbkarları gizlədib hədəf yerinə xalqı qoyması təsadüf və ya səmimi düşüncə deyil.

Müəllif romanın ortalarında bibisi ərinin sınıq, xarab radiosundan bəhs edir. Bu radiodan xırıltı çıxır, amma bibisi ərinin ciddi-cəhdlərinə baxmayaraq, heç vaxt ondan səs çıxmır. Kişi uşaq saflığı ilə inanır ki, o səs bir gün o radiodan çıxacaq, çünki vaxtı ilə çıxıb. Son nəfəsinə kimi radio üzərində işləyən bibisi əri günlərin birində haqqın rəhmətinə qovuşur. Müəllif sətiraltı mesaj ötürərək sovet dövründən qalmış köhnə, xarab radionu Azərbaycan xalqına, bibisi ərini də çox güman, bu xalqı oyatmağa çalışan mübariz fərdlərə bənzədib. Bu radiodan bir dəfə səs çıxıb və o səs demokratik hökuməti seçib, amma bu, elə ondan çıxan sonuncu səs olub. O radio artıq heç kimə lazım deyil. Ondan səs çıxmayacaq heç vaxt, hətta uğrunda canını versən belə!

Diqqətimi çəkən başqa bir detal isə dəli uşaqla bağlı hissələr idi. Oturduğu hər məclisdə səs-küy edən, stolları çalan bu yarımçıq, ağıldankəm uşaqla bağlı əhvalatların birində o Çingiz Qənizadənin seçicilərlə görüşünə yollanır. Amma Çingiz Qənizadə onun bura məqsədli şəkildə göndərildiyini zənn edir və onun göstərişi ilə uşaq ağacın dibindəki xəndəyə salınır.

Əli, Salman, Yadigar obrazları müəllifi pul və vəzifə müqabilində satsa da, Cəmilə adlı kəndli sevgi və vüsala satır. Bu, müəllifi daha dərindən yaralayır, çünki o, Cəmiləyə inanırdı, onun gözündə sevgi, inam və cəsarət görmüşdü. Sonda şərlə yanaşı duran Cəmilə obrazı vasitəsi ilə müəllif göstərir ki, xalq əslində təkcə bir qarın çörəyə yox, hər şeyə dəyər-dəyməzə satar səni. Xalq üçün onun öz səsi qədər dəyərsiz nəsə yoxdur. Torbalarla gətirilib qutulara tökülən saxta bülletenlər bu xalq üçün heç nə ifadə etmir. Çünki o öz taleyini özü seçib. Görünür, Çingiz Qənizadənin dediyinin əksinə, ulu öndər Kəramət bəyə realist olmağı öyrədib, biz isə Elçibəy romantikasında ilişib qalmışıq, hələ də insana inanırıq. Bu inam çox safdır, eynən bibisi ərinin inamı kimi…

ramazan_tagiyevv tarafından yayımlandı

lawyer

Yorum bırakın

WordPress.com ile böyle bir site tasarlayın
Başlayın