Məhbəs

Gün qüruba doğru əyilir, əyildikcə də kölgələr uzanırdı. Son şüaların pəncərədən süzülərək divara düşən boğuq narıncı əksinin sərhədləri isə yavaş-yavaş tavana tərəf sürünməkdə idi. Əvvəllər böyük və xoşbəxt bir ailənin yaşadığı mənzilin bir parçası olan bu otaqdakı ölü sükut, cansıxıcı yeknəsəqlik məzarlığı andırırdı. O biri otaqların da bəziləri möhürlənmiş, ikisi isə kirayə verilmişdi. Hüseynin varlığı balaca bir pəncərəsi olan bu dar, rütubətli və səliqəsiz otağa sığışmışdı. Əslində isə onun çarpayıya üzüqoylu uzanmış arıq, çiyninin sümükləri çıxmış sısqa vücudunu çıxmaq şərti ilə otaqda həyat olduğunu göstərən heç nə yox idi. Kənardan baxan olsaydı, çox güman ki, onun da ölmüş olduğunu zənn edərdi, istənilən halda, üst-başı çirk içində olan, süst qalmış bu zəif məxluq çoxdan idi ki, tərpənmirdi, eləcə uzanıb qalmışdı. Çarpayının düz yanında içi kitabla dolu iri rəf, baş hissəsində isə divardan asılmış böyük şəkil vardı. Şəkildə iki cüssəli, eynəkli gənc oğlan yan-yana, ayaqüstə durub şəstlə ona baxırdı. Çarpayıya uzanıb qalmış Hüseyn tərpənməsə də, sağ idi və bu gecəni də beləcə yola vermək barədə fikirləşirdi. Digər günlərin, demək olar, tam eynisi olan bu gün də şam kimi əriyib qurtarmaqda idi…

Bayırda isə şəhər qaynayırdı: maşınların yeknəsəq siqnalı, yüzlərlə, minlərlə, müxtəlif məqsədlərlə o üz-bu üzə qaçışan, harasa tələsən əsəbi, təmkinli, qayğılı, fikirli, sevincək, kədərli, cürbəcür hiss və duyğularla yüklənmiş insanların bir-birinə qarışmış səsləri, axşam küləyinin şüşəsi sınıq pəncərədən gələn həzin vıyıltısı… Həmişəki səs-küylü, sevgisiz küləklər şəhəri öz ampluasında idi.

Bir də otaq boyda məzardakı dəmir çarpayıda tərsinə, üzü üstə uzanan bu gəncin daxilində gedən fırtınalar. Səngimək bilməyən, zaman-zaman ara versə də, daha böyük qüvvə toplayıb davam edən bu fırtınalar o qədər dağıdıcı idi ki, onsuz da zəif olan vücudu tamam müqavimətsiz hala gətirmişdi. Şər qarışdıqdan sonra axır ki, özündə güc toplayıb başını qaldırdı. Çarpayıdan vur-tut bir metr kənarda, bir qıçı şikəst balaca stulun üstündəki uzunsov şüşə qaba və iynəyə baxanda qolu biixtiyar ona tərəf uzandı. Gözləri təsadüfən divardakı rəsmə sataşanda isə özünü yığışdırdı və əlini ehmalca geri çəkdi. Bu proses əvvəllər də dəfələrlə təkrarlansa da, bəzən bu hərəkətsiz baxışlara məhəl qoymayıb fikrindəkini edirdi. Amma bu dəfə onlara məğlub oldu və qıvrılıb ağlamağa başladı.

“Gördün?! Mən dediyim oldu, ya yox?!”

İlk vaxtlarda bu səsi eşidəndə dik atılıb qışqırırdı. Amma artıq öyrəşmişdi. İçini çəkə-çəkə ağlamağa davam etdi.

“Sənə demişdim! Amma sən məni eşitmədin. İndi qorxub əlini çəkməyin heç nəyi dəyişmir. Vaxtında dinləməli idin. Gecdir, çox gecdir!

O, çox çarəsiz idi. Nə edəcəyini bilmirdi. Eləcə uzanıb çöldən gələn qarışıq səslərə qulaq asa-asa keçmişdə olanları düşünməkdən və mürgü döyüb günə yekun vurmaqdan başqa əlindən heç nə gəlmirdi.

Sıradan axşamların birində qəfil cismində qəribə canlanma başladı, sanki canındakı yorğunluq da bir az getdi. Nağara çubuqlarına bənzəyən nazik qolları üstə dikəlib çöldən gələn səslərə qulaq kəsildi. Qulağının öyrəşdiyi həmişəki qarışıq səslər axşam düşdüyü üçün daha da gurlaşmışdı. Bir xeyli beləcə dayandı. Boynunu güclə tərpədib divardakı rəsmə baxdı və bir neçə saniyə şəkillə baxışıb gülümsədi. Qəfildən beyninə sancılan hansısa düşüncənin təsiri altında ayağa qalxıb şalvarını geyindi, nimdaş paltosunu çiyninə keçirib şərfini boğazına doladı və otaqdan çıxdı.

                             *      *      *

Binanın həyətinə yenicə düşmüşdü ki, kimsə arxadan fit verib onu çağırdı. Saçı çal, üz-gözünü tük basmış, yamaq-yamaq olmuş hərbi geyimli və bir ayağı protez olan bu adamı buralarda ilk dəfə idi görürdü. Yad adam əlindəki əsaya söykənib gözünü Hüseynə dikmişdi.
– Mamaoğlu, bəlkə, üstündə beş köpüyün ola?

Qaşını çatıb önündəki adamı başdan-ayağa yenidən süzdü, təxmini iki-üç saniyəlik duruxmadan sonra cavab verdi:
– Yox, yoxdur. Neynirsən ki beş qəpiyi?
Hərbi geyimli adam qəfildən ağlamağa başladı, amma bu, beş saniyədən çox sürmədi, sanki indi ağlayan bu deyilmiş kimi tez də özünü yığışdırıb boğazını arıtdı və ciddi səslə dedi:
– Kibrit alacam.
Hüseyn əlini cibinə salıb bir manat çıxartdı.
– Al, qalığı qalsın.
Yad adam pulu aldı, cibinə qoyduqdan sonra çevrilmək istəsə də, dayandı. Nə düşündüsə, qəfil qollarını açıb səndələyə-səndələyə Hüseynə tərəf addım atanda Hüseyn geri çəkildi, arxasına baxmadan yeyin addımlarla ondan uzaqlaşdı…

Şəhərdə qəribə bir harmoniya vardı: elektrik cərəyanının keçdiyi naqilə bənzəyən, maşınla qaynayan küçələr və bu küçələrlə o tərəf-bu tərəfə fikirli halda, tələsik addımlarla qaçan, harasa tələsən, sanki bu naqildəki mənfi və müsbət ionları xatırladan insanlar, bir-birinə qarışmış səslər, iliyə qədər işləyən amansız şaxta… Tam kəsdirə bilmədi, çoxdandır şəhərə çıxmadığı üçünmü ona qəribə gəldi, yoxsa bu, həqiqətən də, əvvəllər belə deyildi, istənilən halda insanların başlarını qaldırıb kənara belə baxmaması onu bir xeyli karıxdırdı. Sanki o, bu sıradan qopmuş ion idi, baxsaydılar, naqilin divarına yapışmış bu tənha ionu da görər, amma çox güman ki, heç bir reaksiya vermədən yollarına davam edərdilər.

Amma naqilin divarına yapışmış tək ion o deyildi. Bir də küçə sənətçiləri və dilənçilər vardı. İstedaddan yarımadığı kimi, taledən də yarımamış bu küçə sənətçilərinin, məhrumiyyətlərin vaxtsız qocaltdığı, ehtiyac və xəstəliyin küçələrə saldığı ağbirçək və ağsaqqalların, əlindən hər iş gələn, lakin bir ucuz iş təklifinə möhtac cavanların hərəsinin bir hekayəti, tarixçəsi var. Axı heç kim, heç kəs özbaşına, öz xoşu ilə bu küçələrə düşmür. Həyat, tale, bəlkə də, nə vaxtsa buraxdıqları və sonradan heç cür düzəldə bilmədikləri səhv əllərindən tutub, gətirir onları laqeyd, öz dərdlərinin fırtınasında boğulan insanların kor-koranə yeridiyi küçələrə. O da bu miskin insanlarla eyni səfdə yer ala bilərdi, bəlkə də, atasından qaldığı balaca, baxımsız otaq olmasaydı, o da indi burada, onlarla yanaşı bardaş qurmuşdu.

Buradakıların taleləri oxşardır, insanlardan gördükləri münasibət də həmçinin. Lakin başlarına gələnlər, onları bu küçələrə salan səbəblər tamamilə fərqli idi. Məsələn, onun öz taleyi heç birisinin taleyinə bənzəmirdi. İnanmırdı ki, vaxtı ilə onda olan var-dövlət və potensial burada kimdəsə olsun. Həmçinin onun qədər çox kitab oxumuş bədbəxtin də olduğuna çox inanmırdı. Lev Tolstoyun sözünü bir qədər dəyişib desək, xoşbəxt insanlar bir-birinə bənzəyir. Amma bədbəxt insanların hərəsi bir cür bədbəxtdir. Həyatın ancaq gülər üzünü görmüş, ömründə bircə dəfə küçələrdə yatmayan, ömründə bircə dəfə küçənin ortasında dayanıb hara gedəcəyi haqda düşünməyənlər üçün onları tam mənası ilə başa düşmək, əlbəttə, çətindir. Necə ki, vaxtı ilə o da bunu nəinki başa düşə, heç təsəvvürünə belə gətirə bilmirdi… Hüseyn gözlərində kədər, donuq ifadə olan, ümidsiz şəkildə insanlardan onlara qarşılığını ummayacaqları bir şey verməklərini gözləyən bu ionlara son dəfə baxıb siqaretini yandırdı, amma ortasına çatmadan da atıb yaxınlıqdakı paba tərəf istiqamət aldı.

                              *     *     *

Pabda siqaret və pivə qoxusundan dayanmaq olmurdu. İçərilərə doğru getdikcə hava da ağırlaşır, bu qoxulara qusuntu iyi də qarışırdı. Haradansa səsucaldanla qoyulmuş türk rokunun qulaqdeşici səsi, rus və türk dillərini qarışdıraraq qəribə aksentdə qışqıra-qışqıra danışan gənclər, bu əndrəbadi söhbətləri müşahidə edən söyüşlər, domino daşlarının yeknəsək takkıltısı, tüstü və qəhqəhə səsləri mühiti dözülməz həddə çatdırmışdı. Kimsə bir neçə dəqiqə əvvəl qusmuşdu, amma görünür, bu qusuntu və ondan yayılan dözülməz qoxu oradakı heç kimi narahat etmirdi. İstənilən halda içəridə təmizlikdən və səliqədən söhbət belə gedə bilməzdi. Küncdə iki nəfər gənc qız “peredoz” halında idi. Onların yaxınında başqa iki nəfər bir-birilərinə ötürdükləri şprisdəki ağ mayeni ciddi-cəhdlə damara ötürürdülər. Pabdakı ümumi mənzərə bu cür idi. Bakıda bu tip pabların fəaliyyəti qanunla qadağan olunsa da, bu obyektə dəyib-dolaşan yox idi. Şayiə gəzirdi ki, pabın yiyəsinin dövlət orqanlarının birində yüksək rütbəli zabit tanışı var, buradan qazandığı gəlirin bir qismi ilə həmin tanışını da “görür”. Hətta deyilənə görə, onun tabeliyindəki gənc qızlar da bu toxunulmazlığı daha da möhkəmlətmək üçün “sipər” rolunu oynayırlar.

Hüseyn əyləşib pivə sifariş etdi. İçəri girəndən bəri qalın qaşları altında itmiş xırda gözləri ilə onu müşahidə edən tösmərək kişi qollarını çırmalayıb ona tərəf addımladı.
– Üzüvü görək, paşam, nətərsən?
Hüseyn ona sarı uzanan balaca, kündəyə oxşayan əli göydə saxlasa da, kişi tövrünü pozmadan onunla üzbəüz stulda əyləşdi:
– Nolub ala kefin yoxdu? Pulun dərdini eləmə, sən yaxşı qardaşsan, gözləyərik. Onu düzəlt ver, qaqan sənə təzə mal gətizdirsin. Balamın əziz canı, elə mal ki, tayı-bərabəri yoxdur!… Nə deyibsən?
– Pivə, – Hüseyn siqaretini çıxarıb yandırdı.
– Ay qız, iki bakal gətir!…, – kişi də döş cibindən birini çıxarıb yandırdı, – de görüm haralardasan e?
– Evdə, harada olacam? İş var ki? Axşama kimi üzü üstə uzanıb yatıram, – Hüseyn kişinin sualına candərdi cavab versə də, ona tərəf baxmırdı. Amma həmsöhbəti onun ünsiyyətdən qaçmaq cəhdlərini görməzdən gəldi:
– Ala heç olmasa yemək ye, ikilik taxtaya dönübsən, – canı yanırmış kimi üzünü turşutdu, – gəl də bura. Danışaram müəllimlə, alınsa, şey eləyərik səni. Neyləyəssən e evdə uzanıb?
– Yox e, Murad, çox sağ ol, istəmirəm.
– Ədə, yekə oğlansan, nə naz eləyirsən? Eşit də məni. Müəllimin rəislərlə arası sazdır, özü də çörək verən kişidir, – Murad göz vurub qımışdı, başı ilə pivə gətirən qızı göstərib davam etdi, – darıxmazsan burada, Nata qoymaz. Elə deyil, Nata?
“Nata” deyib göstərdiyi qız gülümsəyib nəsə mızıldandı. Hüseynə elə gəldi ki, bu qızın heç on səkkiz yaşı tamam olmayıb. Hündür, əndamlı olsa da, yaşaya bilmədiyi uşaqlıq illərinin izləri üzündən çəkilməmiş qızın baxışlarının dərinliyində basdırıb insanlardan gizləməyə çalışdığı kədər Hüseynin gözündən qaçmadı. Qız bakalları qoyub uzaqlaşmaq istəyəndə Murad qızın arxasına yüngülcə şillə çəkdi. Pivədən iki-üç qurtum içib qolu ilə ağzını sildi, qıza tərəf başını bulayıb daha bir siqaret yandırdı:
– Hələ ki tər bənövşədir. Nə qədər ki solmayıb, o boyda rəisləri, nəçəlnikləri qabağında diz çökdürüb həm özü şellənəcək, həm də bizi şelləndirəcək…
– Neçə yaşı var?, – Hüseyn bayaqkından fərqli olaraq bu dəfə düz Muradın gözlərinin içinə baxıb sual verdi. Onun baxışındakı ciddilik Muradın ürəyini sıxsa da, özünü o yerə qoymadı:
– Nə bilim ala, məktəbdə oxuyurdu, yetimdi. Amma canıyanmışın bəxti it bəxtidir! Burada deyiblər e, göt olasan, bəxtin ola, – əlini əlinə vurub şaqqanaq çəkdi, amma Hüseynin üzündəki gərginliyi görüb tez də özünü yığışdırdı.
– Necə yəni?
– Nətər e necə yəni? Demədim ala bayaq? Rəis həftədə bir dəfə adamlarını yollayıb qızı mindirir qara cipə, gətizdirir hüzuruna. Səhər də eyni qaydada gətirib qoyur bura. Pulu, son model ayfonu, qır-qızılı, rəisin göstərdiyi qayğı və sevgi, day nə istəyir?
– Murad, uşaqdı e o!
– Olsun da uşaq. Qəhbənin nə uşağı, nə böyüyü? Həm də ki sənə nə olub? Alan razı, verən razı. Ağıllı çıxıb mənim üçün!
Murad ayağa qalxıb bufetə tərəf yol aldı, yolüstü qızın arxasına daha bir şillə çəkməsi Hüseynin gözündən yayınmadı.
Ya içəridəki havanın ağırlığından, ya da indicə gördüklərindən və eşitdiklərindən başı ağrımağa başlamışdı. Pivənin pulunu stolun üstünə qoyub pabdan çıxdı.

Bir neçə addım uzaqlaşmışdı ki, yanından qara cip ötdü və düz pabın qabağında saxladı. Hüseyn bayaqkı söhbəti xatırlayıb dayandı, özünü qaranlığa verib izləməyə başladı. Maşından iki nəfər cüssəli kişi düşdü, onlardan biri maşının yanında dayandı, o biri isə paba daxil oldu. Beş dəqiqə keçməmişdi ki, içəridən qıy qopdu. Bir əli ilə Natanın saçını, o biri ilə ağzını tutmağa çalışan Murad və arxadan onları müşahidə edən cüssəli kişi görünən kimi bayaqdan telefonla danışan o birisi maşına mindi və müqavimət göstərən qızı güc-bəla ilə içəri soxandan sonra sonra maşın işə düşdü…

                              *      *      *

Artıq bir neçə döngə geridə qalmışdı. Yavaş-yavaş nəfəsi daralıb qulaqları cingildəməyə başlasa da, dayanmadı, divarları tuta-tuta, səndələyə-səndələyə irəliləməyə davam etdi. Hiss edirdi ki, gözləri də qaranlıq gətirir. Şüuru iflic olmuşdu, artıq nə istədiyini belə düşünməyə gücü çatmırdı. Binanın həyətinə burulan küçəyə dönəndə səs-küy və havadakı pis qoxulu tüstü tədricən funksiyalarını itirən zəif bədəninə vicvicə saldı. Son dəfə gücünü toplayıb addımlarını yeyinlədərək həyətə daxil olanda hiss etdi ki, onsuz da ani təkana bənd olan zəif ayaqları keyiməyə başlayır. Bayaqkı hərbi geyimli, şikəst adamın ondan pul istədiyi yerdən bir neçə metr kənarda izdiham vardı. İnsanlar sanki tonqalın ətrafına toplaşmışdı, amma bu, adi “tonqal” deyildi – yanan insan bədəni idi. Amma indi o hayda deyildi. İzdihamdan yan ötüb binaya daxil olmaq istəyəndə gözünə yerə atılmış əsa sataşdı. Başını bulayıb bloka keçdi.

                               *     *     *

Gün məşriqdən qalxır, qalxdıqca da kölgələr qısalırdı. İlk şüaların pəncərədən süzülərək divara düşən narıncı əksinin sərhədləri isə yavaş-yavaş genişlənməkdə idi. Çarpayıya üzüqoylu uzanmış arıq, çiyninin sümükləri çıxmış sısqa vücudu çıxmaq şərti ilə otaqda həyat olduğunu göstərən heç nə yox idi. Kənardan baxan olsaydı, çox güman ki, onun da ölmüş olduğunu zənn edərdi, istənilən halda, üst-başı çirk içində olan, süst qalmış bu zəif məxluq tərpənmirdi, eləcə uzanıb qalmışdı. Amma artıq bu otaq ona məzarlıq kimi görünmürdü. Əksinə, indi daha canlı, daha rəngli idi. Rəfdəki kitablar cansız olsa da, bayırdakı insanlardan daha doğma idi ona. O kitablar Hüseynə köhnə zamanlardan, azad və firavan günlərdən bəhs edirdi. Çarpayının baş hissəsində divardan asılmış böyük şəkildəki cüssəli, eynəkli oğlanlar isə yan-yana, ayaq üstə durub şəstlə gülümsəyirdilər, eynən canlı insanlar kimi. Gözləri ilə sanki nələrsə deməyə çalışırdılar. Çarpayıya uzanıb qalmış Hüseyn tərpənməsə də, sağ idi və bu günü də beləcə yola vermək barədə fikirləşirdi…

ramazan_tagiyevv tarafından yayımlandı

lawyer

Birisi “Məhbəs” üzerinde düşündü

Yorum bırakın

WordPress.com ile böyle bir site tasarlayın
Başlayın